Xəbərlər

15 mart 2024

Cenevrədəki “Heritage” Azərbaycan Mədəniyyəti Assosiasiyasının dəvəti və dəstəyi ilə Bakı Marionet Teatrı İsveçrəyə gedir. 2024-cü ilin mart ayının ikinci yarısında Cenevrədə “Les Salons” teatrının səhnəsində “Arşın mal alan” tamaşamızı təqdim edəcəyik. Bundan əlavə, həmin məkan və tarixlərdə “Leyli və Məcnun” adlı tamaşamızın marionetləri və dekorasiyaları sərgi şəklində nümayiş etdiriləcək. Səhnə rekvizitlərimiz İsveçrədən Azərbaycana gətirildikdən sonra Bakıda yenidən tamaşa göstərə biləcəyik – çox güman ki, bu, aprelin ortalarına təsadüf edəcək.

2 fevral 2024

Yaponiyanın altı yüz ildən çox tarixi olan “Noh” teatr sənəti “Gündoğar ölkə”nin ən qədim ifaçılıq nümunəsi sayılır. “Noh” oyunu Azərbaycanda ilk dəfə bu günlərdə Heydər Əliyev Mərkəzində nümayiş etdirildi. Bu möhtəşəm tamaşanı Bakı auditoriyasına Hoşo Kazufusanın rəhbərlik etdiyi Hoşo Teatr Məktəbinin ustaları təqdim etdilər. 2 fevral tarixində isə Hoşo məktəbinin sənətkarları Bakı Marionet Teatrını ziyarət etdilər. Qonaqlar bizim teatrla tanış oldular, “Leyli və Məcnun” tamaşasını seyr edib çox təsirləndilər. Teatrımız Yaponiyada çıxış etməyə dəvət olundu.

https://azertag.az/xeber/hoso_kazufusa_enenevi_no_tamasasini_azerbaycanda_ilk_defe_numayis_etdirmekden_boyuk_seref_duyuruq-2905075

18 dekabr 2023

Bakı Fotoqrafiya Evində 18.12.2023-cü il tarixində “DİALOQ” adlı kukla və foto sərgisi açılmışdır. Sərgidə Gürcüstanın məşhur kukla ustası Baçana Xalvaşinin “Mizantrop” və “Hökmdarlar kitabı” adlı tamaşalarına 1980-ci illərin sonunda hazırladığı marionetlər, eləcə də Bakı Marionet Teatrının “Leyli və Məcnun” tamaşasında istifadə olunan bəzi dekorasiya və dörd marionet kuklası nümayiş olunur. Sərgi Bakı Marionet Teatrının 35 illik yubiley tədbirləri çərçivəsində həyata keçirilir.

28 oktyabr 2023

Bütün 35-illik fəaliyyəti ilə böyük Üzeyir Hacıbəylinin mədəni irsini təbliğ etdiyindən qürur duyan Bakı Marionet Teatrının bir qrup əməkdaşı bu dahi dramaturq və bəstəkara qarşı dərin hörmət və sevgimizin daha bir təcəssümü olaraq onun ev-muzeyini ziyarət etdi.

23 oktyabr 2023

Oktyabrın 10-dan 13-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının (TDT) təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans çərçivəsində Bakı Marionet Teatrında “Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması” mövzusunda tematik panel təşkil olunmuşdur. Bu böyük tədbirdə iştirakına görə teatr “İçərişəhər”in rəhbərliyindən Təşəkkürnamə almışdır.

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu