Xəbərlər
26 mart 2026
Bakı Marionet Teatrının həvəsinə kinooperator peşəsini buraxıb kuklaçılıq etməyə başlayan, teatrın yaranış çağlarından fasiləsiz 37 il aktyorumuz olan, teatr üçün yorulmadan gənc kuklaçı aktyorlar yetişdirən qocaman sənətkarımız Həsən Yaqubov bu ilin mart ayında təqaüdə çıxmalı oldu. Onun şərəfinə teatrda təntənəli və çox səmimi bir toplantı keçirildi, saysız təşəkkürlər səsləndi. Məclisdə Həsən bəyin ailə üzvləri də iştirak etdilər. Həsən bəyin bundan sonra da teatrımızla sıx əlaqə saxlayacağına, zəngin peşə təcrübəsini gənclərə ötürməyi davam edəcəyinə inanırıq.

19 mart 2026
“ASAN Könüllüləri” təşkilatının təşəbbüsü ilə “ASAN Məktub” sosial proqramı çərçivəsində 1 və 2 saylı uşaq evlərindən 35 uşaq üçün Bakı Marionet Teatrında Beynəlxalq Kuklaçılar Gününə həsr olunmuş tədbir keçirildi. Uşaqlara teatrın “Arşın Mal Alan” tamaşası göstərildi, “Baker Tilly Azerbaijan” şirkətinin dəstəyi ilə hədiyyələr verildi. Gənc tamaşaçılarımız teatrın aynabənd mərtəbəsindən açılan gözəl Bakı panoramasını da böyük maraqla seyr etdilər.


2 noyabr 2025
FLY TO BAKU / 31 OKTYABR — 02 NOYABR Bu festival çərçivəsində Bakı mühüm bir mədəni təşəbbüsün səhnəsinə çevrildi. Muzeylər və saraylar, şəhər küçələri və mədəniyyət ocaqları, o cümlədən Bakı Marionet Teatrı, Azərbaycan yaradıcılıq ruhunu beynəlxalq incəsənət dünyası ilə birləşdirən sərgi, performans, konsert, tamaşa və görüşlərə ev sahibliyi etdi.

23 oktyabr 2025
Bakı Marionet Teatrında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin iştirakı ilə dahi Azərbaycan bəstəkarı və dramaturqu Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirildi. Oktyabrın 23-də 1 saylı Uşaq evi Xidmət müəssisəsinin uşaqları ilə 2 saylı əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarlarına xeyriyyə tamaşası göstərildi. Sevimli qonaqlarımıza Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş etdirildi..


18 sentyabr 2025
Bakı Marionet Teatrı olaraq biz bütün Azərbaycan xalqı ilə birlikdə 2025-ci il sentyabrın 18-i mədəniyyətimizin görkəmli siması, dahi bəstəkar və dramaturq Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyini qeyd edirik. Onun “Arşın mal alan” musiqili komediyası və “Leyli və Məcnun” muğam operası uzun illərdir ki, teatrımızın səhnəsində yeni quruluşda təqdim olunur. Xalqımızın böyük sərvəti olan bu irsi davam etdirməkdən şərəf duyuruq! Və hər dəfə tamaşaçı qarşısına çıxanda bu şərəfli işin həm məsuliyyətini, həm də sevincini hiss edirik. Bu önəmli gün ölməz bəstəkarın xatirəsini yad etmək ücün Fəxri Xiyabanı ziyarət edib Üzeyir Hacıbəylinin məzarını cicək dəstəsi ilə bəzədik. Ruhun şad olsun, Üzeyir bəy!
https://president.az/az/articles/view/68077/
https://qaynarinfo.az/az/bu-gun-azerbaycanda-milli-musiqi-gunudur

