Xəbərlər

25 fevral 2022

Bakı Marionet Teatrının kollektivi böyük kədər hissi ilə Ukraynadakı vəziyyətdən çox narahat olduğunu bildirir. Mədəniyyət və incəsənət mənsubları olaraq biz inanırıq ki, müharibənin hər hansı təzahürü insanlara dəhşət gətirir. İndiki dünyada bu baş verməməlidir. Biz bütün müharibələrin əleyhinə səsini ucaldan insanlara qoşuluruq. İstənilən müharibə təkcə biznes və iqtisadiyyatı deyil, həm də mədəniyyəti və mənəviyyatı dağıdır. Müharibə mədəni əlaqələri məhv edəndən sonra, onları asanlıqla bərpa etmək mümkün olmur, axı müharibə çox-çox geriyə atır xalqları...

Dizayneri - Tərlan Qorçu
Dizayner - Tərlan Qorçu

24 dekabr 2021

Bakı Marionet Teatrının yeni binasının təntənəli açılışından düz beş il ötür. Teatrda açılışın beşinci ildönümünə həsr olunmuş yaradıcılıq gecəsi keçirildi. Tədbirə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri qatıldı. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi də gecədə iştirak etdi. Çıxış edənlər Bakı Marionet Teatrının dünya teatr sənətinə və ölkəmizin mədəniyyət palitrasına verdiyi müstəsna töhfəsindən coşqu ilə danışdılar. Yeni teatr binası layihəsinin gerçəkləşməsində Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın olduqca böyük rolunun əhəmiyyəti xüsusilə qeyd olundu. Simvolik haldır ki, yeni teatr binasının yubiley günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yubiley gününə təsadüf edir. Tədbirin iştirakçıları cənab Prezidentin altmışilliyi münasibətilə ona öz səmimi təbriklərini və ən xoş arzularını ünvanladılar.

6 noyabr 2021

Zəfər günü ərəfəsində Bakı Marionet Teatrında göstərilən «Leyli və Məcnun» tamaşasında bayramın ilk ildönümü qeyd olundu. Tamaşaçıların qarşısına çıxan Heyran Qorçu (bədii rəhbərin köməkçisi) qələbə yolunda canlarından keçən şəhidləri yad edərək, ədalət naminə heç nəyi əsirgəməyən qaziləri də dərin minnətdarlıqla xatırladı. Heyran xanım Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı qələbənin ildönümü münasibətilə hamını təbrik etdi, bütün Azərbaycan xalqının çoxdan intizarında olduğu bu şanlı qələbənin bizim teatra özəlliklə yaxın olduğunu vurğuladı, dahi sənətkar Üzeyir Hacıbəyli irsini yaşatmaq niyyətindən yaranmış teatrımızın Qarabağsız, Şuşasız heç mövcud belə olmayacağını dedi və kollektivin vaxtaşırı orada – Üzeyir bəyin boya-başa çatdığı Şuşada tamaşa vermək ümidini ifadə etdi. Həmin gün səhnəyə çıxan ifaçılar xüsusi ilham və coşqu ilə çıxış etdilər.

18 iyun 2021

Bakı Marionet Teatrında 1988-ci ildən etibarən çalışan aktyorlar Həsən Yaqubov və Hikmət Aydınoğlu milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 60-illik yubiley münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunublar.

https://azerbaijantoday.az/2021/06/01/art-of-a-second-wind/

7 iyun 2021

Dünya mədəniyyətinə ağır itki üz verdi – Gürcü xalqının böyük oğlu, məşhur rejissor, dramaturq, rəssam, heykəltəraş... sözün ən dolğun mənasında böyük bir sənətkar Rezo Gabriadze vəfat etdi.

1981-ci ildə Gabriadze məşhur Tbilisi Marionet Teatrını qurdu və bütün gələcək həyatını onunla bağladı. 1980-ci illərin ortalarında bu böyük Ustadla birbaşa peşəkar əməkdaşlıq, sənət və enerji mübadiləsi sayəsində gənc azərbaycanlı rejissor və rəssam Tərlan Qorçu Bakıda marionet teatrı yaratmaq fikrinə gəlmişdir. Odur ki, Rezo Gabriadze bizim teatrımızın da açılmasına dolayısı ilə təkan verənlərdən olmuşdur.

Rezo Gabriadze dünya kinosunun "Qəm yemə!" (1969) və "Mimino" (1977) kimi şah əsərləri də daxil olmaqla 35-dən çox filmin ssenari müəllifidir.

Gabriadze 84 yaşında Tbilisidə vəfat etdi.

Xatirən daim ürəklərdə yaşayacaq, əziz Ustad!

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu