Xəbərlər
4 sentyabr 2023
2-3 sentyabr 2023-cü il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin rəhbərlik etdiyi heyətin Şuşa şəhərinə səfəri baş tutub. Səfər çərçivəsində “İçərişəhər”in nümayəndələri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və əməkdaşları ilə görüşüblər. Görüş çərçivəsində fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə edilib.
Bakı Marionet Teatrının rəhbəri Tərlan Qorçu ilə truppa üzrə köməkçisi Heyran Qorçu da bu Şuşa səfərində iştirak ediblər. Onlar burada – “Arşın mal alan” kimi əfsanəvi musiqili komediyanın dahi müəllifi Üzeyir Hacıbəylinin doğma diyarında seçim aparıb yerli rəhbərliklə ilkin razılıq əldə edərək, həmin tamaşanı yaxın gələcəkdə Şuşada nümayiş etdirmək üçün uyğun bir məkan tapa biliblər.

8 iyun 2023
İyunun 8-də YARAT Müasir İncəsənət Məkanında iki sərginin - Aida Mahmudovanın “Cənnət gözləyə bilər” fərdi sərgisi və “Yeddinci tənhalıq” qrup sərgisinin açılışı oldu.
Qrup sərgisi alman filosofu F. Nitşenin fəlsəfə əsərlərində irəli sürdüyü “yeddinci tənhalıq” anlayışına əsaslanaraq, sosial kontekstdə müasir uzaqlaşma/yadlaşma, varlıq və əbədi qayıdış kimi fundamental dəyərləri əlaqələndirməyə çalışır. Sərgidə Hüseyn Haqverdiyev, Tərlan Qorçu, Orxan Hüseynov, Ramal Kazım, Novruz Məmmədov, Fərəc Rəhmanov, Eltac Zeynalov, İsmayıl Səfərəli və Nadir Eminovun yeni əsərləri nümayiş olunur.
Tərlan Qorçunun sərgidə nümayiş etdirdiyi əsəri müəllifin “Tənhalıq yolunda” adlandırdığı orijinal xalçadır.


7 iyun 2023
Noyştadt-bay-Koburq şəhərində (Almaniya) ənənəvi olaraq hər il keçirilən kukla festivalı çərçivəsində Maks-Oskar-Arnold mükafatları təqdim edildi. 2023-cü ilin “Ən yaxşı fantaziya obrazı” nominasiyasında bu nüfuzlu beynəlxalq mükafata Bakılı kuklaçılar ailəsi - rəssamlarımız Pərviz Hüseynov və İrina Qundorina layiq görüldü. Təbriklərə qoşulur və Pərviz bəylə İrina xanıma yeni yaradıcılıq uğurları arzu edirik!
“Kukla sənətkarları üçün Oskar Mükafatı” kimi tanınan bu nüfuzlu mükafat Noyştadt-bay-Koburq şəhəri tərəfindən 1993-cü ildə təsis edilərək bu şəhərin əksər əhalisinin çalışdığı kukla və kukla geyimləri istehsal edən şirkətin əsasını qoymuş Maks Oskar Arnoldun adını daşıyır.
https://www.trend.az/life/culture/3758794.html


6 iyun 2023
Bakı Marionet Teatrında 6 iyun – 4 iyul tarixlərində Lübimovka Beynəlxalq Müstəqil Dramaturgiya Festivalının pyeslərinin oxunuşu keçiriləcək. Festival rusdilli dramaturqların qeyri-kommersiya beynəlxalq layihəsidir, 30 ildən artıq müddət ərzində Moskvada keçirilib, lakin Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra bədii idarə heyəti festivalın Rusiyada keçirilməməsinə qərar verib. Lübimovka-2022 Qazaxıstanda keçirilib. Bundan əlavə, Tbilisi, Tel-Əviv, Hayfa, Narva, Tartu, Paris, Belqrad, İstanbul, Berlin kimi şəhərlərdə də festival proqramına daxil olan pyeslərin oxunuşu keçirilib.
“Lübimovkanın əks-sədası Bakıda” Bakı Marionet Teatrı, Teatro.az sənət portalı və Katalizator art-habın dəstəyi ilə keçirilir. Bakıdakı oxunuşlara dramaturq İsmayıl İman kuratorluq edir. Tədbirlər çərçivəsində Azərbaycan və rus dillərində pyeslərin oxunuşları, mühazirələr, ustad dərsləri və ictimai müzakirələr keçiriləcək. Festivala giriş pulsuzdur. Tədbirlərdə 18 yaşından yuxarı şəxslər öncədən qeydiyyat yolu ilə iştirak edə bilər.
https://teatro.az/az/post/lubimovkanin-eks-sedasi-bakida-1022
https://lubimovka.art/news/91

16 may 2023
2023-cü ildə Bakı Marionet teatrının 35 yaşı tamam olur. İlboyu keçiriləcək yubiley tədbirləri çərçivəsində mayın 16-da teatrda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları üçün ətraflı məlumatlandırma ekskursiyası keçirildi. Teatrın bədii rəhbəri və direktoru Tərlan Qorçu kuklaçı-aktyorlarımızın iştirakı ilə keçirilən bu tədbirin aparıcısı oldu. Qonaqlara marionet sənətinin özəllikləri və Bakı marionet teatrının fəaliyyəti haqqında geniş məlumat verildi. Tədbir iştirakçıları unikal imkandan istifadə edib işimizin pərdəarxası içini də gördülər, ovsunlayıcı marionet göstərisinin ərsəyə necə gətirildiyi ilə əyani şəkildə tanış oldular.

