Xəbərlər
16 may 2023
2023-cü ildə Bakı Marionet teatrının 35 yaşı tamam olur. İlboyu keçiriləcək yubiley tədbirləri çərçivəsində mayın 16-da teatrda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları üçün ətraflı məlumatlandırma ekskursiyası keçirildi. Teatrın bədii rəhbəri və direktoru Tərlan Qorçu kuklaçı-aktyorlarımızın iştirakı ilə keçirilən bu tədbirin aparıcısı oldu. Qonaqlara marionet sənətinin özəllikləri və Bakı marionet teatrının fəaliyyəti haqqında geniş məlumat verildi. Tədbir iştirakçıları unikal imkandan istifadə edib işimizin pərdəarxası içini də gördülər, ovsunlayıcı marionet göstərisinin ərsəyə necə gətirildiyi ilə əyani şəkildə tanış oldular.

20 aprel 2023
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Marionet teatrı (Bakı Marionet Teatrı) Azərbaycanın ilk və yeganə Marionet teatrıdır. Teatr rəsmən 1988-ci il aprelin 20-də Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Lütfiyar İmanovun müvafiq əmri ilə təsis olunmuşdur. Beləliklə, 2023-cü ildə Bakı Marionet teatrının 35 yaşı tamam olur. 2023-cü ilin sonuna qədər davam edəcək yubiley tədbirləri üçün teatrın bədii rəhbəri və direktoru Tərlan Qorçu xüsusi “35 illik yubiley” loqotipi hazırlamışdır. Media mənsublarına və teatr haqqında material hazırlayan hər kəsə bu loqotipdən istifadə etmək təklif edilir.
LOGO 35 PDF


29 mart 2023
Bakı Marionet Teatrında Litva şairi Vitautas Maçernis (1921-1944) ilə Mikayıl Müşfiqin (1908-1938) yaradıcılığına həsr olunmuş “Yenə o bağ olaydı” adlı möhtəşəm poeziya axşamı keçirildi. Litva Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən hazırlanmış bu tədbirdə iki ölkənin müasir şairləri də iştirak etdilər. Səslənən şeirlər və nümayiş etdirilən video-çarxlar tədbirə toplaşan qonaqlar tərəfindən böyük maraqla qarşılandı.


20 mart 2023
Bakı Marionet Teatrında 2016-cı ildən etibarən işıq üzrə rəssam vəzifəsində çalışan, ən qabaqcıl, müasir işıqlandırma və səsləndirmə sistemləri üzrə ölkəmizin tanınmış sənətkarı olan Azər Muxtarov 50-illik yubileyi münasibəti ilə və teatrın uğurlu fəaliyyətindəki xidmətlərinə görə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təbriknaməsi ilə təltif olunub.

16 mart 2023
Ənənəvi yaz bayramı Novruzun gəlişi ərəfəsində Bakı Marionet Teatrında “Arşın mal alan” tamaşasının daha bir xeyriyyə nümayişi keçirildi. Tamaşaya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yaşayan sakinlərdən uşaqlar və gənclər, ağsaqqallar və Qarabağ müharibəsinin qaziləri dəvət olunmuşdu. Tamaşadan sonra qonaqlar teatrın aynabənd mərtəbəsində onlar üçün təşkil olunmuş çay süfrəsinə toplaşdılar. “İçərişəhər” DTMQ İdarəsinin və Marionet Teatrının rəhbərliyi tədbirin iştirakçılarını salamlayaraq hamını Novruz bayramı münasibətilə təbrik etdi.

