Xəbərlər

7 iyun 2023

Noyştadt-bay-Koburq şəhərində (Almaniya) ənənəvi olaraq hər il keçirilən kukla festivalı çərçivəsində Maks-Oskar-Arnold mükafatları təqdim edildi. 2023-cü ilin “Ən yaxşı fantaziya obrazı” nominasiyasında bu nüfuzlu beynəlxalq mükafata Bakılı kuklaçılar ailəsi - rəssamlarımız Pərviz Hüseynov və İrina Qundorina layiq görüldü. Təbriklərə qoşulur və Pərviz bəylə İrina xanıma yeni yaradıcılıq uğurları arzu edirik!
“Kukla sənətkarları üçün Oskar Mükafatı” kimi tanınan bu nüfuzlu mükafat Noyştadt-bay-Koburq şəhəri tərəfindən 1993-cü ildə təsis edilərək bu şəhərin əksər əhalisinin çalışdığı kukla və kukla geyimləri istehsal edən şirkətin əsasını qoymuş Maks Oskar Arnoldun adını daşıyır.

https://www.trend.az/life/culture/3758794.html

6 iyun 2023

Bakı Marionet Teatrında 6 iyun – 4 iyul tarixlərində Lübimovka Beynəlxalq Müstəqil Dramaturgiya Festivalının pyeslərinin oxunuşu keçiriləcək. Festival rusdilli dramaturqların qeyri-kommersiya beynəlxalq layihəsidir, 30 ildən artıq müddət ərzində Moskvada keçirilib, lakin Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra bədii idarə heyəti festivalın Rusiyada keçirilməməsinə qərar verib. Lübimovka-2022 Qazaxıstanda keçirilib. Bundan əlavə, Tbilisi, Tel-Əviv, Hayfa, Narva, Tartu, Paris, Belqrad, İstanbul, Berlin kimi şəhərlərdə də festival proqramına daxil olan pyeslərin oxunuşu keçirilib.
“Lübimovkanın əks-sədası Bakıda” Bakı Marionet Teatrı, Teatro.az sənət portalı və Katalizator art-habın dəstəyi ilə keçirilir. Bakıdakı oxunuşlara dramaturq İsmayıl İman kuratorluq edir. Tədbirlər çərçivəsində Azərbaycan və rus dillərində pyeslərin oxunuşları, mühazirələr, ustad dərsləri və ictimai müzakirələr keçiriləcək. Festivala giriş pulsuzdur. Tədbirlərdə 18 yaşından yuxarı şəxslər öncədən qeydiyyat yolu ilə iştirak edə bilər.

https://teatro.az/az/post/lubimovkanin-eks-sedasi-bakida-1022
https://lubimovka.art/news/91

16 may 2023

2023-cü ildə Bakı Marionet teatrının 35 yaşı tamam olur. İlboyu keçiriləcək yubiley tədbirləri çərçivəsində mayın 16-da teatrda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları üçün ətraflı məlumatlandırma ekskursiyası keçirildi. Teatrın bədii rəhbəri və direktoru Tərlan Qorçu kuklaçı-aktyorlarımızın iştirakı ilə keçirilən bu tədbirin aparıcısı oldu. Qonaqlara marionet sənətinin özəllikləri və Bakı marionet teatrının fəaliyyəti haqqında geniş məlumat verildi. Tədbir iştirakçıları unikal imkandan istifadə edib işimizin pərdəarxası içini də gördülər, ovsunlayıcı marionet göstərisinin ərsəyə necə gətirildiyi ilə əyani şəkildə tanış oldular.

20 aprel 2023

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Marionet teatrı (Bakı Marionet Teatrı) Azərbaycanın ilk və yeganə Marionet teatrıdır. Teatr rəsmən 1988-ci il aprelin 20-də Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Lütfiyar İmanovun müvafiq əmri ilə təsis olunmuşdur. Beləliklə, 2023-cü ildə Bakı Marionet teatrının 35 yaşı tamam olur. 2023-cü ilin sonuna qədər davam edəcək yubiley tədbirləri üçün teatrın bədii rəhbəri və direktoru Tərlan Qorçu xüsusi “35 illik yubiley” loqotipi hazırlamışdır. Media mənsublarına və teatr haqqında material hazırlayan hər kəsə bu loqotipdən istifadə etmək təklif edilir.

LOGO 35 PDF

29 mart 2023

Bakı Marionet Teatrında Litva şairi Vitautas Maçernis (1921-1944) ilə Mikayıl Müşfiqin (1908-1938) yaradıcılığına həsr olunmuş “Yenə o bağ olaydı” adlı möhtəşəm poeziya axşamı keçirildi. Litva Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən hazırlanmış bu tədbirdə iki ölkənin müasir şairləri də iştirak etdilər. Səslənən şeirlər və nümayiş etdirilən video-çarxlar tədbirə toplaşan qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu