Xəbərlər
18 mart 2025
2025-ci il sentyabr ayının 18-də dahi Azərbaycan bəstəkarı, mədəniyyət tarıxındə silinməz iz qoymuş parlaq səxsiyyət Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Yarandığı andan əsas amalı Üzeyir bəyin yaradıcılığını təbliğ etmək olmuş Marionet Teatrı bu yubileylə bağlı bir sıra maraqlı tədbirlər keçirəcək. Bunlardan birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin iştirakı ilə mart ayının 18-də baş tutdu – Novruz Bayramı ərəfəsində 2 saylı Uşaq evindən gələn məktəblilər üçün xeyriyyə tamaşası göstərildi. “Arşın mal alan” musiqili komediyası uşaqlar ücün unudulmaz bayram hədiyyəsi oldu! Novruz Bayramınız mübarək!





28 fevral 2025
YARAT Müasir İncəsənət Məkanında yerli və xarici rəssamların əsərlərindən ibarət “Mən və Nuhun gəmisi, Mən və dünya tufanı” adlı qrup sərgisi açılıb. Sərgi 26.10.2025-ci il tarixinə qədər davam edəcək. Nəsimi fəlsəfəsinin müasir traktovkasından ilhamlanan bu sərgi Azərbaycan rəssamları Tərlan Qorçu və Orxan Hüseynovun, rəssamlar Mladen Milyanoviç (Bosniya və Herseqovina) və Pavla Nikitinanın (Çexiya) hazırladıqları heykəl, instalyasiya və audio-vizual layihələrini təqdim edir.

24 oktyabr 2024
Oktyabrın ortalarında qədim Bakı qalasının küçələri yenidən kinoçəkiliş meydançasına çevrildi. İçərişəhər bir neçə gün müddətinə 1905-ci ilin İstanbuluna çevrildi. Marionet Teatrının girişi də öz görkəmini dəyişmişdi – küçə reklamlarımızın üstü qapanmış, pəncərələrə bəzəkli barmaqlıqlar salınmışdı, qapımızın başında isə moskvalı kino rəssamları bir İstanbul dərzisinin 1905-ci ilə aid dükan lövhəsini asdılar...
https://www.instagram.com/virallazz_/reel/DBT82jDt5xC/

9 iyul 2024
Bakı Marionet Teatrının “ARŞIN MAL ALAN” tamaşası Kazan şəhərində 25 iyun – 3 iyul 2024-cü il müddətində keçirilən Beynəlxalq “SHOMBAY-FEST – 2024” Festivalının yekun akkordu oldu. Bizim çıxışlarımızı Kazanda “Festivalın bəzəyi” adlandırdılar. Festivalın münsiflər heyəti Bakı Marionet Teatrını təltif edərək, kollektivimizi “Kukla ifaçılığı sənətinə sədaqətə görə” adlı xüsusi mükafata layiq gördü.
https://vk.com/wall-20641920_26590

12 iyun 2024
Bakı Marionet Teatrı fəaliyyət göstərdiyi 36 il ərzində həm Azərbaycanda, həm də bir çox xarici ölkədə keçirilən mühüm tədbirlərə yorulmadan qatılaraq Vətənimizin zəngin teatr palitrasında özünəməxsus dəst-xətti ilə seçilən və beynəlxalq miqyasda tanınan nüfuzlu teatrlardan biri olmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyasının 3 iyun 2024-cü il tarixli Qərarına əsasən Bakı Marionet Teatrına aparıcı teatr statusu verilmişdir. Bu rəsmi qərar teatrın kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanaraq bizi yeni-yeni yaradıcılıq zirvələrinin fəthinə səsləmiş, qarşımızda yeni üfüqlər açmışdır.
https://www.instagram.com/icherisheher_living_history/p/C8KbUAfoYZB/

