Xəbərlər
2 iyun 2025
Beynəlxalq uşaq bayramı – Uşaqların Müdafiəsi Günü münasibətilə, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin Ənənəvi Sənətkarlıq Mərkəzinin iştirakı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə, Bakı Marionet Teatrında 2 və 3 saylı “Uşaq Evi” Xidmət müəssisələrinin məktəbliləri ilə görüş keçirildi. Uşaqlar maraqlı vaxt keçirib rəsm çəkdilər, “Qız Qalası” nəlbəkiləri naxışladılar, eləcə də teatrımızın ən gənc aktyorları Aytən Qurbanova və Fikrət Hacıyevin ifasında “Arşın mal alan” komediyasından parçalara tamaşa etdilər.

22 may 2025
2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı əsasında Maqsud İbrahimbəyovun yubileyi 2025-ci ilin əvvəlindən müxtəlif şəkildə qeyd olunmaqdadır. Bu gün Bakı Marionet Teatrının da bir qrup əməkdaşı Maqsud İbrahimbəyovun ev-muzeyini ziyarət etdi, muzeyin fədakar işçi heyəti və onlara rəhbərlik edən mərhum ədibin həyat yoldaşı Anna İbrahimbəyova ilə səmimi görüş keçirdi.

25 aprel 2025
YARAT Müasir İncəsənət Məkanında kalliqrafiya sənətinə həsr olunmuş silsilə ustad dərsləri keçirildi. Dərslər bu sənətin tanınmış ustası, eyni zamanda Bakı Marionet Teatrının yaradıcısı və rəhbəri, rejissor və rəssam Tərlan Qorçu tərəfindən qurulub aparıldı. Mühazirə və praktiki məşğələ formatında keçirilmiş bu ustad dərsləri T.Qorçunun öz əsərlərinin də nümayış olunduğu “Mən və Nuhun gəmisi, Mən və dünya tufanı” adlı qrup sərgisi çırçivəsində YARAT tərəfindən təşkil olunmuşdu.
Fotoların arasında YARAT Müasir İncəsənət Məkanı tərəfindən təqdim olunmuş kadrlar da vardır.

17 aprel 2025
Daim Üzeyir Hacıbəylinin yaradıcılığını təbliğ edən Bakı Marionet Teatrında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin iştirakı ilə Üzeyir bəyin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirildi. Aprelin 17-də 3 saylı Uşaq evi Xidmət müəssisəsinin uşaqları ilə 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarlarına xeyriyyə tamaşası göstərildi. Sevimli qonaqlarımıza Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş etdirildi.

14 aprel 2025
Azərbaycan Dövlət Xalça Muzeyində müasir xalçaçılıq sənətinə həsr olunmuş mühazirə keçirildi. Tədbir bu sənətin tanınmış ustası, eyni zamanda Bakı Marionet Teatrının yaradıcısı və rəhbəri, rejissor və rəssam Tərlan Qorçu tərəfindən qurulub aparıldı. Mühazirə əsnasında T.Qorçunun öz əsərləri də nümayış olundu.

