Xəbərlər

12 oktyabr 2020

90-cı illərin əvvəlində Qarabağda döyüşən yaralı əsgərlərimizə “Arşin mal alan” tamaşasını göstərəndə biz elə bilirdik ki, bu haqsızlıq uzun sürməyəcək. Tezliklə torpağlarımız qaytarılacaq, qaçqınlarımız doğma evlərinə dönəcək, hər şey əvvəlki axarına düşəcək.

Lakın by ayrılıq uzun sürdü. Torpaqlarımızın 20 faizi işğal olundu, bir milyon insan evsiz-eşiysiz qaldı, 30 ilə yaxın davam edən danışıqlar isə heç bir nəticə vermədi.

“Yetər artıq” - deyə Azərbaycan əsgəri işğalçı Ermənistan ordusunun 27 sentyabırda əl atdığı növbəti təxribata əks hücümla cavab verdi. Qulağımız səsdə, gözümüz yolda, 30 il gözlədiyimiz gün nəhayət gəlib çıxdı!

Ümidliyik! Qoluna qüvvət, Azərbaycan Əsgəri! İnşallah, sənin şücaətin sayəsində xalqımızın Şuşalı oğlu - dahi Üzeyir Hacıbəylinin yaratdığı əsərlər doğma Qarabağ torpağına dönəcək, onun musiqisi burada yenidən səslənəcək!

Qarabağ Azərbaycandır! Biz Qarabağa qayıdırıq!

P.S. 2 gün öncə Marionet Teatrının kollektivi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5 000 manat vəsait köcürüb.

10 dekabr 2019

Üzeyir Hacıbəylinin məşhur “Leyli və Məcnun” muğam operası Bakı marionet teatrının quruluşunda 100-cü dəfə nümayiş etdirildi. Bu münasibətlə teatrda böyük yubiley tədbiri hazırlanmışdır. Qeyd etmək lazımdır ki, “Leyli və Məcnun” tamaşasının premyerası 2016-cı ilin sonunda keçirilərək teatr binasının möhtəşəm əsaslı təmirindən sonrakı açılışına təsadüf etmişdir.

6 dekabr 2019

Bakıda dekabrın 6-da Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20-illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilmişdir. Azərbaycanın İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarovun dəvəti ilə TRASEKA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, eləcə də yubiley tədbirlərində iştirak edən beynəlxalq təşkilatların nümayəndələri həmin gün axşam saatlarında Bakı marionet teatrına təşrif buyurub, “Leyli və Məcnun” tamaşasını seyr edib, dahi Üzeyirin musiqisini böyük maraqla dinləyiblər.

26 noyabr 2019

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin müəllimi Xatirə Səlimovanın rəhbərlik etdiyi "İngilis dilli kölgə teatrı" adlı layihənin yekun tədbiri Marionet teatrında keçirilmişdir. Məktəblilərin ingiliscə kölgə teatrı tamaşaları səhnələşdirib nümayiş etdirdiyi bu layihənin icrası Təhsil Nazirliyinin qrant dəstəyi ilə mümkün olmuşdur.

24 oktyabr 2019

"Literaturniy Azerbaydjan" jurnalının poeziya redaksiyası teatrımızda şeir və musiqi gecəsi keçirib. Müxtəlif nəsilləri təmsil edən şairlər, bard mahnısı ustaları, eləcə də xarici qonaqların iştirakı ilə keçirilən tədbirin mövzusu belə idi: "Misralarda və həyatda qanad çalmaq möcüzəsi". Jurnalın poeziya şöbəsinə rəhbərlik edən jurnalist və şairə Alina Talıbova gecənin aparıcısı oldu.

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu