Xəbərlər

8 iyul 2019

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının deleqatları 8 iyul 2019-cu il tarixində Bakı marionet teatrında olublar. Qonaqları “İçərişəhər” Baş İdarəsinin rəhbəri c-b Əsgər Ələkbərov salamladı. Sonra onlara "Leyli və Məcnun" operası göstərildi. Teatrımızın yaradıcı heyəti mövsümün yekun tamaşasını məhz bu beynəlxalq auditoriya qarşısında – dünyanın ən yüksək səviyyəli mədəniyyət ekspertlərinə təqdim etməkdən məmnun oldu. Beləliklə, teatr mövsümü başa çatdı. Yeni teatr mövsümü oktyabrın axırlarında başlayacaq. Amma o vaxta qədər tamaşaların olmaması heç də teatrın bir müddətlik bağlanması demək deyil. Teatrın heyəti 2019-cu ilin sentyabr ayında Fransanın Şarlevil-Mezyer şəhərində keçiriləcək Dünya Marionet Teatrları Festivalına hazırlaşır. Dünya Festivalından sonra komandamız Fransadan birbaşa Xorvatiyanın Zaqreb şəhərinə yollanıb "Leyli və Məcnun" tamaşasını orada da nümayiş etdirəcək. İnternet səhifəmizdə bu Avropa turundan reportajlar dərc etmək üçün əlimizdən gələni edəcəyik.

4 aprel 2019

4 aprel 2019-cu il tarixində Bakı Marionet Teatrında “YARADAN” Yaradıcılıq Birliyi tərəfindən tədbir keçirilmişdir – “Yaradan uşaqlar” layihəsi çərçivəsində ərsəyə gəlmiş “Mən həyatda olmayanda” adlı kitabın təqdimatı. Uşaqlar tədbirə gələn qonaqlarla canlı ünsiyyət quraraq, öz hiss və emosiyalarını interaktiv şəkildə və rəqs performansı vasitəsilə nümayiş etdirdilər. Yaradan uşaqların səmimi sualları, inam və azad nəfəsləri özəl ab-hava yaradaraq əsl mənada qəlblərə toxundu. 

9 dekabr 2018

Bakı marionet teatrında “Leyli və Məcnun” operasının 110-illinə həsr olunmuş yubiley tədbiri keçirildi. Üzeyir Hacıbəylinin səhnə yaradıcılığı ətrafında açıq diskurs zamanı dahi bəstəkarın çoxsaylı tamaşalarından müxtəlif illərdə çəkilmiş arxiv fotoları video-nümayiş formatında təqdim olundu. Tədbirdə teatrşünas Aydın Talıblı, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, kinorejissor Adil Ələkbərov, musiqişünas Heyran Qorçu, rejissor, rəssam və kuklaçı Olqa Kirillova (Moskva), YARAT Müasir İncəsənət Məkanının əməkdaşları və b. iştirak etdilər.
Tədbir iştirakçılarına “Arşın mal alan” tamaşası göstərildi. Auditoriyada xarici qonaqların çox olduğunu nəzərə alaraq, tamaşanın aparıcısı – Nyu-Yorkda aktyorluq sənəti üzrə The Lee Strasberg Theatre & Film Institute məktəbini bitirmiş aktrisa Kəmalə İsrafilova səhnədə cərəyan edənləri ingiliscə şərh edirdi.

2 noyabr 2018

Noyabrın 2-də Vergilər Nazirliyinin sifarişi ilə, yəni ayrıca bu nazirliyin bir qrup əməkdaşı üçün, Bakı marionet teatrında “Arşın mal alan” tamaşası nümayiş etdirildi. Azərbaycanın teatr mədəniyyətinin klassik nümunəsi bu tədbir zamanı da, həmişə olduğu kimi, hər kəsə xoş əhval bəxş etdi.

10 oktyabr 2018

10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) “Dekorativ sənət və interyer” adlı konfransı keçirilir. Tədbir iştirakçıları Bakı marionet teatrında “Arşın mal alan” tamaşasını seyr etdilər. Tamaşadan sonra teatrın aynəbənd mərtəbəsində ICOM üzvləri üçün ziyafət keçirildi.

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu