Teatrın məramı
Əgər Azərbaycana səfəriniz qısamüddətli, mədəni proqramınıza ayrılmış vaxt isə məhduddur, Marionet teatrını ziyarət etmək fürsətini qaçırmayın. Bu məkanda siz Azərbaycan xalqının zəngin mədəni irsinin ən müxtəlif sahələrini bir arada görəcək, poeziya və musiqi, memarlıq, milli geyim, naxış və rəqslərimiz barədə dolğun təsəvvür alacaqsınız.
Burada müasirlik tarixlə ayaqlaşır, klassik irs modern axtarışlarla uzlaşır, ənənələr yeniliklərə qovuşur, Şərq ilə Qərb birləşirlər... Deyilənlər həm teatrın binasına, həm də teatrın həyatında yaxından iştirak edən insanlara aiddir.
Üzeyir Hacıbəylinin yaradıcılıq irsi Marionet teatrının repertuar siyasətini təşkil edir. Bu yanaşma teatrın yaradıcısı və bədii rəhbəri Tərlan Qorçunun konseptual ideyasından irəli gəlir. Hal-hazırda teatrın səhnəsində Üzeyir bəyin iki əsəri əsasında səhnələşdirilmiş tamaşa göstərilir: “Arşın mal alan” (1913/1990) operettası və “Leyli və Məcnun” (1908/2016) operası. Eyni zamanda, bəstəkarın yaradıcılıq irsini təbliğ edən yeni marionet tamaşaları üzərində də iş gedir.
Üzeyir musiqisinin qüdrəti teatrın hər bir marionet kuklasında, dekorasiyalarda, aktyorlarımızın ifaçılıq tərzində öz əksini tapmışdır. Məhz bunun sayəsindədir ki, teatrın tamaşaları, dilindən və yaşından asılı olmayaraq hər bir kəs üçün anlaşıqlı və maraqlıdır. Fransa, Almaniya, ABŞ, Rusiya, Polşa, İsveçrə kimi ölkələrdə uğurla keçmiş çıxışlar teatrın beynəlxalq qastrol xəritəsində layiqli yer tutur.