Teatrın binası

Marionet teatrı qədim şəhər qalasının ərazisində yerləşir. Bənzərsiz tarix-memarlıq kompleksi olan ortaçağ Bakı qalası çox vaxt “İçəri şəhər” adlandırılır. İçərişəhər nəinki paytaxtımızın, həm də bütövlükdə Azərbaycanın mədəni-tarixi qəlbidir.

Teatr binası 1880-ci ildə neoklassisizm üslubunda inşa olunmuşdur. O vaxtlar bu mülk adlı-sanlı tacir nəslinə – Səlimxanovlara məxsus idi. Sovetlər dövründə bina şəhərin yaşayış fonduna daxil edilmiş, 1960-cı illərdə baş vermiş güclü yanğından sonra isə yaşayış üçün yararsız hala düşmüşdür.

1986-cı ildə şəhər rəhbərliyinin sərəncamı ilə bina Marionet teatrına verilir. Lakin uzun müddət maliyyə çətinlikləri üzündən heç bir bərpa işləri aparılmır.

Hər şey 2013-cü ildə dəyişdi. Həmin ildən etibarən Marionet teatrı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna qəbul olundu. Ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük dəstəyi ilə “İçərişəhər” İdarəsi çox qısa zamanda yüksək keyfiyyətli təmir-bərpa işləri keçirmək üçün vəsait ayıra bildi. Artıq 2016-cı ildə əsaslı təmir işləri uğurla tamamlandı və Marionet teatrının tarixində ilk dəfə onun yaradıcı komandası öz daimi ünvanında yerləşdi: Maqomayev küçəsi, 20.

24 dekabr 2016-cı il tarixində Marionet teatrının təntənəli açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva teatrı ziyarət edib, açılış mərasimində bilavasitə iştirak etdilər. Möhtərəm qonaqlar Marionet teatrının kollektivinə yeni açılan binada müvəffəqiyyətlər arzuladılar.

Əlavə məlumat: http://www.icherisheher.gov.azhttp://whc.unesco.org/en/list/958

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu